TAPILMIŞ SKELETLƏRİN HANSI HEYVANA MƏXSUS OLMASI MƏLUM DEYİL
AZƏRTAC xəbər verir ki, Göyçay şəhərinin Füzuli küçəsi, 114 ünvanında yerləşən qədim yaşayış binasında təmir-bərpa işləri aparılarkən döşəmənin altından qeyri-adi quruluşa malik heyvan skeletləri aşkarlanmışdır. Ərazidən üç ədəd bütöv skelet və bir neçə hissələr götürülərək Göyçay rayon tarix-diyarşünaslıq muzeyinə aparılmışdır.
Muzey əməkdaşlarının, zoologiya və biologiya müəllimlərinin qənaətlərinə görə, bu heyvan iri və kəsici dişlərinə görə yırtıcılar sinfinə aiddir. Onun ön ayaqları yoxdur. Arxa ayaqları üstə hərəkət etmiş bu heyvanın döş qəfəsi çox kiçikdir. Mülahizələrə görə, bu skelet 6500-ə yaxın növü olan dinozavrlar nəslinə məxsusdur. Bu fikri inkar edənlər isə onu kərtənkələyə və pişiyə oxşadırlar. Lakin tapılmış skelet bu heyvanlara məxsus ölçülərə tam uyğun gəlmir. Skeletin kəlləsi kürəşəkillidir. Dişləri də müxtəlif ölçüdədir. Skeletin arxa ətrafında həm bud, həm baldır, həm də pəncə sümükləri vardır. Quyruq, boyun fəqərələrinin sayı 7-dir. Caynaqları olan bu heyvan elmə məlum deyildir.
Həmin ünvandakı evin gözətçisi Tofiq Abdullayev bizimlə söhbətində bildirmişdir ki, təxminən 30 ilə yaxındır ki, orada yaşayış yoxdur. Vaxtilə xalq şairi Rəsul Rza bu evdə yaşamışdır. Sonralar ev başqasına satılmış və həyətyanı sahə baxımsızlıq ucbatından meşəni xatırlatmışdır. Bu ünvandakı mənzilin bərpa olunması və orada Rəsul Rzanın ev-muzeyinin yaradılması məqsədi ilə ötən il həyətyanı sahə geri alınmışdır. Hazırda binada əsaslı təmir-bərpa işləri aparılır.
Gözətçi onu da bildirmişdir ki, evin 100 ildən artıq yaşı vardır. Ev Əlvan çayının sahilində yerləşdiyinə görə, burada tapılan heyvan skeletlərini sel sularının gətirməsi ehtimal olunur.
######
