Tarix Muzeyində seminar: “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və N.Nərimanov”
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və N.Nərimanov” mövzusunda seminar keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, seminar Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq təşkil edilib. Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri və H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin şagirdləri iştirak ediblər.
Seminarda muzeyin elmi işçisi Zülfiyyə Cəlilovanın “Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində fraksiyalar”, tarix üzrə fəlsəfə doktorları Bəhmən Kərimovun “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun daxili səbəbləri”, Fuad Ağayevin “Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun xarici səbəbləri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Cümhuriyyətin daxili və xarici siyasəti, AXC parlamenti və hökuməti, dövlətə olan təhdidlər haqqında ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.