ELM VƏ TƏHSİL
Tarix Muzeyində XIX əsrin sonuna aid qadın kəməri qorunur
Bakı, 17 sentyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonu ‒ XX əsrin əvvəlinə aid qadın kəməri qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Kəmər 1986-cı ildə muzeyə verilib. Gümüşdən olan bu kəmər Qarabağda istehsal olunub. Kəmər dəri qayışın üstünə tikilmiş, zərbaftaya bərkidilmiş iki hissə toqqadan ibarətdir. Zərbaftanın üzərində yeddi ədəd altıləçəkli gül formalı bəzək, on iki ədəd “əqrəbi” və on iki ədəd kiçik “qübbə” bərkidilib. Toqqa yar-yardan küsdü formasındadır, bütün səthi nəbati naxışlı, qazıma və qarasavat üsulu ilə işlənib.
Qafqazın ən qədim toxuculuq mərkəzlərindən biri olan Azərbaycan orta əsrlərdə Şuşada, Naxçıvanda, Şəkidə, Şamaxıda istehsal olunan pambıq, yun və ipək parçaları ilə ölkə hüdudlarından kənarda da tanınırdı.