ELM VƏ TƏHSİL
Tarix yazanları tarix yaşadır – AzMİU-da anım tədbiri
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 Sentyabr – Anım Gününün dördüncü ildönümünə həsr olunan tədbir keçirilib.
Universitet şəhidlərinin xatirəsinə ehtiram olaraq yaradılan Memorial Xatirə Kompleksinin qarşısında keçirilən tədbirdə professor-müəllim, tələbə heyəti ilə yanaşı, şəhid ailələri və qazilər də iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Azərbaycanın müasir tarixində çox önəmli yer tutan 27 Sentyabr – Anım Gününün Qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsini əbədi yaşatmaq üçün təsis edildiyini diqqətə çatdırıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi Zəfərdən danışıb. Prorektor Qələbəni təmin edən əsas amillərdən birinin tarixin böyük sınağından uğurla çıxan xalq-dövlət-ordu birliyinin olduğunu söyləyib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə Vətən müharibəsində əldə edilən Zəfərin tarixi əhəmiyyəti haqqında fikirlərini bölüşüb, 44 günlük müharibəni Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcı olduğunu bildiriblər.
AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan danışıb. Övladının şücaətindən fəxarətlə bəhs edən ata onun çox vətənpərvər, ailəsinə bağlı övlad olduğunu bildirib. Bildirib ki, general-mayor Polad Həşimov şəhid olarkən Rauf dərin sarsıntılar keçirib, bu hadisə onda qisas hissini alovlandırıb.
Tədbirdə Vətən müharibəsi iştirakçısı İbrahim Vaqifoğlu döyüş yolundan bəhs edib, Ordumuzun döyüş əzminə, əsgərlərimizin düşməni lərzəyə salan milli ruhuna diqqət çəkib.