TARİXİMİZİN PARLAQ SƏHİFƏSİ – 28 MAY
AZƏRTAC xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə nazirliyin idarə rəisi, polkovnik Məmməd Cəfərli açaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini qeyd etmiş, bu respublikanın Azərbaycan xalqına azadlıq, müstəqillik, dövlətçilik, tolerantlıq və milli şüur bəxş etdiyini bildirmişdir. M.Cəfərli cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətinin şərəfli tarixindən söz açmış, onun varisi, hazırda sürətlə inkişaf edən müstəqil respublikamızın beynəlxalq miqyasda özünəməxsus layiqli yer tutmasından danışmışdır. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın yaradıldığını söyləyən natiq həmin dövrdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun və respublikamızın ilk xüsusi xidmət orqanının yaradılmasını və digər sahələrdə gördüyü işlərin milli tariximizdə önəmli əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Xalq Cümhuriyyətinin yaranma tarixi ilə yanaşı, onun süquta uğramasının səbəblərindən də söz açan M.Cəfərli müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin qurulmasında və inkişafında, onun beynəlxalq aləmdə tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini qeyd etmişdir.
Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri namizədi, professor Anar İsgəndərov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətini qeyd etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycanın müstəqillik tarixinin həqiqətləri ətrafında müzakirələrin aparılmasının vacibliyini vurğulamışdır.
Alim bildirmişdir ki, ötən əsrdə Azərbaycan iki dəfə müstəqillik əldə etmişdir. İlk dəfə 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdir. Azərbaycan ikinci dəfə 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir.
A.İsgəndərov daha sonra demişdir ki, 1919-cu il martın 28-də Səməd bəy Mehmandarovla Məmmədbəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrlə general-kvartirmeyster şöbəsi yaradıldı. Bundan sonra hərbçilər və digər mütəxəssislər kəşfiyyat və əks-kəşfiyyat şöbəsinin komplektləşdirilməsinə, eləcə də əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı vacib işlər gördülər. Eyni zamanda, hökumət 1918-ci il avqustun 11-də hərbi mükəlləfiyyət haqda qərar qəbul etdi və ümumi hərbi səfərbərlik keçirdi. Milli zabitlər hazırlamaq üçün Gəncədə xüsusi hərbi məktəb açıldı. 1919-cu il yanvarın 15-də Hərbi Nazirliyin Baş Qərargahı yaradıldı. Qərargahın nəzdində yaradılan kəşfiyyat və əks-kəşfiyyat bölməsi mülki işlərə müdaxilə edə bilmədiyindən və gündən-günə Azərbaycana qarşı təzyiqlər gücləndiyindən tamamilə yeni bir xüsusi xidmət orqanının yaradılmasına ciddi ehtiyac duyulurdu. Ona görə də Dövlət Müdafiə Komitəsi 1919-cu il iyunun 11-də Əksinqilabla Mübarizə Təşkilatını yaratdı. Bu təşkilat Azərbaycanda terror-təxribat, casusluq və s. məşğul olan qüvvələrə qarşı mübarizə aparmağa başladı. Həmin təşkilatın ilk rəisi parlamentin üzvü Məmmədbağır Şeyxzamanov oldu. Bolşeviklərin XI Qızıl Ordu hissələri 1920-ci ilin aprelində Levandovskinin komandanlığı altında Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə daşnak Anastas Mikoyan başda olmaqla, Bakı bolşevikləri və daşnakları Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə XI ordunun 167 minlik canlı qüvvəsi Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladı və Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. 1920-ci il martın 6-da Əksinqilabla Mübarizə Təşkilatı da öz fəaliyyətini dayandırdı. Lakin buna baxmayaraq xalqın müstəmləkəçilərə qarşı mübarizəsi davam edirdi. Gəncədə baş verən qiyam da sübut etdi ki, xalqın öz azadlığını qorumaq əzmi çox güclüdür. Lakin qüvvələr qeyri-bərabər olduğundan rus-erməni hərbi birləşmələri bu qiyamı yatırtmağa nail oldular və Azərbaycan öz müstəqilliyini itirdi.
28 May tarixinin Azərbaycanda ən böyük hadisə olduğunu diqqətə çatdıran tarixçi alim Anar İsgəndərov qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası isə Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində süqut edəndən sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlarda hakim kəsildi. Şüurlarda millətimizin, Vətənimizin əbədi olaraq istiqlala qovuşacağı inamını daha da möhkəmləndirdi. Azərbaycan xalqı XX əsrin sonunda tökülən qanlar bahasına dövlətin müstəqilliyini yenidən bərpa etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini yenidən qurdu, onun müstəqilliyini əbədi və dönməz etdi. Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və dünya dövlətləri içərisində layiqli yer tutur. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Sərəncamda göstərilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi”.
Hazırda Azərbaycan Respublikası qüdrətli bir dövlətə çevrilmişdir. Ona görə də bərpa etdiyimiz müstəqilliyimizin qorunub saxlanılması və onun əbədiləşdirilməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ulu öndər Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti - dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq” fikri hər bir azərbaycanlının həyat amalına çevrilməlidir.