REGİONLAR
TAXIL YIĞIMI SÜRƏTLƏ DAVAM EDİR
Respublikanın ən böyük taxıl istehsalçısı olan Bərdədə məhsul yığımına başlanmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu il sahələrdə bol məhsul yetişdirmişlər.
Zəmilərə 150-yə yaxın taxılbiçən kombayn, digər lazımi texnika çıxarılmışdır. Biçin ərəfəsində bir neçə “Aqroservis”in fəaliyyətə başlaması taxıl yığımının sürətlə və itkisiz aparılmasına şərait yaratmışdır.
Rayonun Şatırlı, Mehdixanlı, Güloğlular, Şirvanlı ərazi vahidlərini əhatə edən kəndlərdə fermerlər və torpaq mülkiyyətçiləri yüksək məhsul götürməyə nail olmuşlar. 837 hektar sahədə arpa biçini başa çatdırılmışdır. Cari ildə Bərdə taxılçıları 9160 hektar sahənin məhsulunu toplayacaqlar.
X X X
Ağdam, Ağcabədi, Tərtər, Yevlax, Beyləqan və Füzuli rayonlarında da taxıl yığımına ciddi hazırlıq görülmüş, məhsul toplanışı kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunmuşdur.