SİYASƏT
Tbilisidə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan erməni gənclərin sərgisinin açılması regionda sabitliyin pozulmasına cəhddir
Tbilisi, 1 dekabr, AZƏRTAC
Tbilisidəki erməni apostol kilsəsinin “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ respublikası”ndan olan 7 gənc rəssamın sərgisinin açılması regionda sabitliyin pozulmasına yönəlmiş addımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev dekabrın 1-də keçirdiyi mətbuat konfransında söyləyib.
Əli Babayev deyib ki, Gürcüstan Xarici İşlər Nazirliyinin bu sərginin şəxsi təşəbbüs qaydasında açılması və hökumətə aidiyyətı olmadığı barədə bəyanatı anlaşılan deyil. Sərginin açılışında apostol kilsəsinin və Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının iştirakı nazirliyin məlumatının əksini deyir. Amma bu iki qurumun nümayəndələrinin iştirakı bir çox qaranlıq məqamlardan xəbər verir. Ona görə də Gürcüstan hökuməti bu sərginin qarşısını almalı və lazımi tədbirlər görülməlidir.
Konqresin sədri deyib ki, bu, ermənilərin ilk addımı deyil. Onlar separatçı əməllərini davam etdirilər. Ona görə də sərginin bağlanması istiqamətində qəti addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrar olunmasın.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi