İQTİSADİYYAT
TBİLİSİDƏ MAYELƏŞDİRİLMİŞ AZƏRBAYCAN QAZININ RUMINİYAYA NƏQLİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Tbilisi, 12 may (AZƏRTAC). Mayın 12-də Tbilisidə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Rumıniyanın iqtisadiyyat, ticarət və iqtisadi mühit naziri Adrian Videanu protokol imzalamışlar.
Nazirlər mayeləşdirilmiş Azərbaycan qazının Rumıniyaya nəqli məsələlərində gələcək planları, qarşıda duran vəzifələrin həlli yollarını müzakirə etmişlər. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev demişdir ki, bu il aprelin 13-də Buxarestdə “Təbii qazın mayeləşdirilməsi və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Qərara alınmışdır ki, bununla əlaqədar birgə şirkət yaradılsın, müvafiq texniki-iqtisadi sənədlər tərtib edilsin. Qara dənizin Gürcüstan və Rumıniya sahillərində terminalların tikilməsi də planlaşdırılmışdır. Bütün bunlar ölkəmizə mayeləşdirilmiş təbii qazın ixrac olunması sahəsində şərait yaradacaq və şirkətlərin qaz hasilatını artırmalarına təkan verəcəkdir.
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri layihənin hər üç ölkə üçün səmərəli olduğunu, Azərbaycan qazının mayeləşdirilmiş halda Rumıniyaya və Avropanın digər ölkələrinə nəqlinə xidmət edəcəyini bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi