MƏDƏNİYYƏT
Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir
Bakı, 17 sentyabr, AZƏRTAC
“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycanda peşəkar musiqi sənətinin və milli operanın banisi, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti Üzeyir Hacıbəyliyə həsr olunub.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə bəy ailəsində anadan olub. Burada dünyaya göz açmasına baxmayaraq Üzeyir bəy əslən Şuşalıdır. Azərbaycanın mədəni mərkəzlərindən biri olan Şuşa əsası qoyulduğu gündən bəri bütün Qafqazda özünün musiqi və ədəbi ənənələri ilə məşhurlaşmışdı. Üzeyir bəyin uşaqlığı, yeniyetməlik illəri musiqi beşiyimiz sayılan bu diyarda keçib. Atası mirzə Əbdülhüseyn bəy, anası Şirin xanım Əliverdibəyova öz uşaqlarında musiqi və poeziyaya vurğunluq yaratmışdılar. Ailənin məşhur şairə Xurşidbanu Natəvanla əlaqəsi nəticəsində bu meyllilik getdikcə daha da möhkəmlənir. Natəvanla yanaşı Azərbaycanın daha iki görkəmli şəxsiyyəti - Cabbar Qaryağdıoğlu və Həsən bəy Zərdabi Üzeyirin qəlbinə ilk sənət toxumlarını səpərək bu istedadlı gəncin milli mədəniyyətimizin tarixinə bir dahi kimi daxil olmasında böyük rol oynayırlar. İlk təhsilini Şuşanın ikisinifli rus-Azərbaycan məktəbində alan Üzeyir hələ uşaq yaşlarından musiqiyə həvəs göstərir. Onun bu sahədə ilk müəllimi dayısı Azərbaycan musiqisinin böyük bilicisi Ağalarbəy Əliverdibəyov olub. Balaca Üzeyir xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı. Şuşanın zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərirdi. Orta məktəbi bitirdikdən sonra o, 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Burada oxuduğu illər ərzində dünya mədəniyyəti ilə yaxından tanış olur, rus və qərb klassiklərinin yaradıcılığını dərindən mənimsəyir. Qabaqcıl, çalışqan tələbə olan Üzeyir seminariyada skripka və baritonda ifa etməyi də öyrənir. Qısa müddət ərzində milli, habelə dünya klassik musiqi sənətinin sirlərinə bələd olan bu istedadlı gənc xalq mahnılarının nümunələrini nota köçürür. 1904-cü ildə ali təhsilini başa vurduqdan sonra bir müddət Cəbrayıl qəzasında, Hadrutda müəllim işləyir. 1905-ci ildə inqilab ərəfəsində Bakıya gələrək Bibiheybətdə fəhlə uşaqlarına dərs deməyə başlayır. Onun ictimai-siyasi və maarifçi fəaliyyəti də elə bu vaxtdan başlayır. Dünya ədəbiyyatının incilərini doğma dilimizə tərcümə etməklə yanaşı Azərbaycan dilində dərslikləri, türk-rus, rus-türk lüğətlərini tərtib edir, həmçinin hekayə və miniatürlər yazır. “İrşad”, “Həqiqət”, “Tərəqqi”, “Yeni iqbal”, “Kaspi”, “Molla Nəsrəddin” kimi jurnal və qəzetlərdə çıxan məqalələrində dövrün maarifçilik, millilik, təhsil və s. kimi problemlərinə toxunur. Həmçinin onun “Kaspi” və “Azərbaycan” qəzetinin səhifələrində musiqi teatrı haqqında silsilə yazıları, “Filankəs”, “Behmankəs” və digər gizli imzalarla, “Oradan-buradan” başlığı altında felyetonları da dərc olunur. Seminariya illərindən dostluq etdiyi, sonralar həm də qohumluq əlaqələri qurduğu Müslüm Maqomayev və Əli Terequlov ilə çiyin-çiyinə xalqın maariflənməsi uğrunda mübarizə aparırlar.
Bir müddət sonra 1907-ci ildə Ü. Hacıbəyli opera yazmaq qərarına gəlir. O, bu barədə “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsində belə yazır: “Opera yaratmaq ideyası hələ 1897-1898-ci illərdə fikrimə gəlmişdi. O zaman 13 yaşlı uşaq ikən doğma Şuşa şəhərində “Məcnun Leylinin qəbri üstündə” tamaşasını görmüşdüm. Bu tamaşa mənə o qədər dərindən təsir etdi ki, mən bir neçə ildən sonra Bakıya gələrək operaya bənzər bir şey yazmağı qət etdim”. Beləliklə Ü.Hacıbəyli “Leyli və Məcnun” operası ərsəyə gəlir və tamaşanın premyerası 1908-ci il yanvarın 12-də (bəzi mənbələrdə 25-də) Hacı Zeynalabdin Tağıyevin teatrında baş tutur. Tamaşanın quruluşunu dövrünün məşhur tragediya aktyoru, rejissor Hüseyn Ərəblinski verir. Dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edir. Üzeyir bəy özü skripkada ifa edir. Məcnun rolunu isə dram aktyoru kimi tanınan Hüseynqulu Sarabski ifa edir. Tamaşa dövrün mövcud olan müxtəlif maneələrindən, çətinliklərindən keçməsinə baxmayaraq yetərincə uğurlu alınır. Çox keçmir ki, tamaşa ölkənin müxtəlif bölgələrində, habelə onun hüdudlarından kənarda oynanılaraq müəllifinə məşhurluq qazandırır. Beləliklə “Leyli və Məcnun” operası ilə nəinki Azərbaycanda ümumilikdə bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulur. Həmçinin bəstəkarın muğamlara əsaslanaraq yazdığı bu əsər musiqimizdə muğam operasının da təməli hesab olunur.
Bundan sonra bəstəkar ilk operasının müvəffəqiyyətlərindən ilhamlanaraq bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu” (1911), “Əsli və Kərəm” (1911-1912), “Harun və Leyla” (1915) operalarını yazır. 1911-1913-cü illərdə Moskva və 1913-1914-cü illərdə Sankt-Peterburq konservatoriyalarında ali musiqi təhsili alır. O, klassik musiqinin incəliklərini dərindən öyrənməklə yanaşı, ciddi şəkildə yaradıcılıqla da məşğul olur və yeni janrlara müraciət edir, bununla da milli operettalarımız meydana gəlir. Bəstəkar özünün librettosu əsasında “Ər və arvad” operettasını işləyərək 1909-cu ildə tamamlayır. Operettanı tamaşaya “Nicat” truppasının aktyorları ilə rejissor Hüseyn Ərəblinski hazırlayır. Tamaşası ilk dəfə 1910-cu il mayın 24-də Nikitin qardaşlarının sirkində göstərilir. Bugünkü Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tarixi məhz həmin gündən hesablanır. Bəstəkara böyük şöhrət gətirən “O olmasın, bu olsun” (1910) və “Arşın mal alan”(1913) operettaları isə dünyanın bir çox teatrlarını dolaşaraq, müxtəlif dillərə tərcümə edilir. Opera və operetta tamaşalarını müntəzəm oynamaqdan ötrü Üzeyir bəy bəstəkar qardaşı Zülfüqar bəy Hacıbəyli ilə birlikdə teatr truppası yaradır. 1916-cı ildə fəaliyyətə başlayan truppa “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” adlanıb. Bu gün Dövlət Teatr Muzeyinin fondunda qorunan eksponatları araşdırarkən qarşımıza çıxan bəzi afişa və proqramlarda truppanın adının “Müdiriyyət” kimi də yazıldığını da görürük.
Üzeyir yaradıcılığının zirvəsi 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında səhnəyə qoyulmuş “Koroğlu” operası sayılır. Xalqımızın milli azadlığı uğrunda mübarizəsinə həsr olunan bu mükəmməl əsər milli musiqi mədəniyyətimizin və opera teatrının tarixinə qızıl hərflərlə yazılıb. Xüsusən də onun uvertürası yarandığı gündən bu günədək hər birimizin qəlbində əbədi məkan tapıb. Onu da qeyd edək ki, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında "Koroğlu" operası o qədər bəyənilib ki, onu opera incəsənətinin xəzinəsi adlandırıblar. 1941-ci ildə isə bu operaya görə bəstəkar Stalin mükafatına layiq görülüb.
Teatr fəaliyyətindən savayı Üzeyir bəy uzun illər Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. Azərbaycan Dövlət Türk Musiqi Məktəbini, ilk çalğı alətləri orkestrini, Azərbaycan dövlət xorunu yaradıb. Onun “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir.
Üzeyir bəy Azərbaycanda musiqi təhsilinin banilərindəndir. O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər bəstələyib. Ötən əsrin 40-cı illərdə yaratdığı “Sənsiz”, “Sevgili canan” kimi əsərləri ilə həm də romans adlı kamera vokal musiqisinin yeni janrının əsasını qoyub. Onun dahi şairimiz Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinin sözlərinə bəstələdiyi musiqi təkcə Azərbaycanda deyil bütün türk dünyasında dillər əzbəridir. Bundan əlavə müstəqil Azərbaycanımızın dövlətçilik atributlarından biri olan, dinləyərkən insanın ruhunu vətənpərvərlik hissi ilə dolduran, qanını coşduran dünyanın ən gözəl himni - Dövlət Himnimizin musiqisinin müəllifi də Ü.Hacıbəylidir.
Üzeyir bəyin xalqımız üçün gördüyü böyük işlər daima dövlət tərəfindən yüksək qiymətləndirilərək ən yüksək mükafatlarla təltif olunub, o cümlədən SSRİ Xalq artisti fəxri adına layiq görülüb. Onun doğum günü 18 sentyabr tarixi 1995-ci ildən başlayaraq ölkəmizdə Milli musiqi günü kimi qeyd olunur. Bəstəkarın şərəfinə respublikanın müxtəlif bölgələrində, eləcə də dünya ölkələrində heykəllər ucaldılıb.
Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabr ayının ürək çatışmazlığından vəfat edib, Birinci Fəxri xiyabanda dəfn olunub. Onun dəfnində Bakıda tayı görülməmiş izdiham yaranıb. Xalq öz böyük oğlu ilə SSRİ Xalq artisti Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında vidalaşıb. O, dünyasını dəyişsə də öz əsərləri ilə bütün dünyada əbədilik qazanmış şəxsiyyətlərdən biridir.