DÜNYA
Tədqiqatçılar sağlam şəkər istehsal etməyə çalışırlar
Bakı, 10 sentyabr, AZƏRTAC
Amerikalı alimlər şəkərin “daha sağlam” olması üçün müxtəlif araşdırmalar aparırlar. ABŞ-ın tanınmış qəzetlərindən olan “Wall Street Journal”ın xəbərində bağırsaqlarda şəkəri lifə çevirən fermentlər və şəkəri çəkən mikroskopik süngərlər üzərində işlərin aparıldığına diqqət çəkilir.
AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, Harvard Universitetindən Sam İnversonun komandası bazarlarda satılan şokolad batonlarına şəkəri lifə çevirən bir ferment əlavə etməyi hədəfləyir. S.Inverso şəkərin istifadəsi ilə bağlı bildirib: “Şəkərin özündə heç bir problem yoxdur. Problem ondadır ki, biz çox şəkər istehlak edirik”.
Qida şirkətləri ilə işləyən investisiya şirkəti “Manna Tree Partners”dən Steve Young da xüsusilə, Amerika cəmiyyətində şəkər asılılığının olduğuna diqqət çəkərək qeyd edib ki, şəkər yeni tütünə çevrilib: “Şəkərin azaldılması qida sənayesində son vaxtlar diqqət mərkəzində olan mövzulardan biridir”.
Xəbərdə Capri-Sun meyvə şirələrində şəkərin 2022-ci ildə yüzdə qırx azaldığı, lakin müştərilərin məhsullardan şikayət etməsindən sonra bu məbləğin yenidən artırıldığı diqqət çəkir. Ancaq şəkər qidaları şirinləşdirməkdən daha çox şey edir. Qida məhsullarına tekstura, həcm və karamel rəngi əlavə edir və həmçinin konservant kimi xidmət edir.
S.Inverso və komandası bitkilərin şirə yaratmaq üçün istifadə etdiyi fermenti şəkəri bağırsaqlarda lifə çevirmək üçün dəyişdirərək məhsullara əlavə etməyi hədəfləyir. Komanda bildirib ki, beləliklə, qidalardan şəkər qəbulunu 30 faiz azaltmaq olar. Bunun kifayət qədər miqdarda lif istehlak etməyən insanlar üçün əhəmiyyətli bir inkişaf olacağına işarə edən S.Inverso, texnologiyanı iki il ərzində işə salmağı hədəflədiklərini diqqətə çatdırıb.