Tədqiqatçılar üçün “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda seminar keçirilmişdir
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də “Springer” beynəlxalq nəşriyyatı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə tədqiqatçılar üçün “Beynəlxalq elmi jurnalların tələbləri” mövzusunda təlim seminarı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycanın elmi müəssisələrinin “Springer”in xidmətlərindən səmərəli istifadəsinin təmini, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq və beynəlxalq standartlara uyğunlaşma və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirmişdir ki, müasir dövrdə dünya elminə inteqrasiya digər tədbirlərlə yanaşı, elmi araşdırmaların dünya səviyyəsində aparılmasını, elmi əsərlərin istinad indeksli jurnallarda dərcini və bu sahədə beynəlxalq əlaqələrin davamlılığını tələb edir. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın da əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunması və beynəlxalq elmi bazaların imkanlarından geniş istifadədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd etmişdir ki, alimlərin mühüm kəşflərinin, elmi nəticələrinin təbliğində böyük əhəmiyyət kəsb edən elmi bazalarla əməkdaşlıq bu gün elmi-tədqiqat institutlarının qarşısında duran əsas vəzifələrdəndir. Son illər Azərbaycan alimlərinin beynəlxalq elm aləmində təmsil olunması üçün “Springer”, “Elsevier”, “İEEE”, “Tomson Reuters” kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.
E.Babayev elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu bazaların təcrübəsinin, yüksək indeksli nəşrlərdə məqalələrə qoyulan tələblərin və s. öyrənilməsi məqsədilə silsilə xarakter daşıyan treninq və seminarların keçirilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə Kris Bendall “Elmi-tədqiqat - elmi nəşrlər: imkanlar və perspektivlər”, “Elmi məqalələrin yazılması və jurnala təqdim edilməsi”, “Springer”in müəlliflərə dəstək üçün xidmətləri” mövzuları üzrə məruzə etmişdir. O, beynəlxalq elmi jurnallarda məqalələrin çap olunma qaydaları, irəli sürülən tələblər, yaradılan imkanlar və s. haqqında ətraflı məlumat vermişdir.
Seminarda çıxış edən digər alim və mütəxəssislər elmi informasiya bazalarının üstünlüklərindən söhbət açmışlar. Bildirilmişdir ki, AMEA tərəfindən “Springer” təşkilatı ilə əməkdaşlıq çərçivəsində beynəlxalq elmi bazanın bütün elektron resurslarına çıxış əldə olunmuşdur. Aparıcı elmi nəşriyyat kimi tanınan “Springer” elmi-tədqiqat institutlarını və digər elmi təşkilatları keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir. Hazırda “Springer”in elektron elmi bazasında 7 milyondan çox elmi mənbə mövcuddur.