“Təhlükəsiz yol, yaxşı yol” layihəsi davam edir
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər Fondunun dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Təhlükəsiz yol, yaxşı yol” layihəsi çərçivəsində Binəqədi rayon Gənclər evində texnika üzrə fəlsəfə doktoru, polkovnik Əziz Talıbovun iştirakı ilə görüş keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti qaydaları, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlara hazırlıq vəsaiti, sürücülər üçün məlumat kitabçası (cərimələr, cəzalar, rüsumlar, vergilər, məlumatlar) və s. kitabların müəllifi olan Əziz Talıbov gənclərlə görüşdə tövsiyələrini verib, onların suallarını cavablandırıb.
Sonda iştirakçılara yol hərəkəti ilə bağlı vəsaitlər hədiyyə olunub.
Qeyd edək ki, bir ay müddətində davam edəcək layihə çərçivəsində təcrübəli ekspert və təlimçilər tərəfindən gənclərə şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. mövzularda qeyri-formal təhsil metodundan istifadə olunaraq təlim və praktiki məşğələlər təşkil ediləcək.