Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14.8-2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “9.3-cü maddəsində” sözləri “9.3-cü, 14.8-2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bəndə “14.20-ci” sözlərindən əvvəl “14.8-2-ci maddəsində,” sözləri əlavə edilsin.

4. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 1308 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 451 (Cild I) ləğv edilsin.

5. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanı) ləğv edilsin.

6. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 3, maddə 292 (Cild I) ləğv edilsin.

7. “Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 aprel tarixli 43 nömrəli Fərmanı) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin