ELM VƏ TƏHSİL
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirak etdiyi görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda, Gəncə Dövlət Universitetində regional müşavirə keçirilmişdir. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər.
Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilmiş, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş mənfi halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunmuşdur.