ELM VƏ TƏHSİL
Təhsil naziri: Sevinirik ki, şagirdlərimiz, tələbələrimiz “TEKNOFEST Azərbaycan” festivalında uğurla çıxış edirlər
Bakı, 26 may, AZƏRTAC
Təhsil Nazirliyi festivalda “STEAM Azerbaijan” layihəsi ilə təmsil olunur. Şagird və tələbə kateqoriyaları üzrə keçirilən “Baku Skills” müsabiqəsinin final mərhələsində iştirak edirik. Sevinirik ki, şagirdlərimiz, tələbələrimiz “TEKNOFEST Azərbaycan” festivalında uğurla çıxış edirlər.
Bunu təhsil naziri Emin Əmrullayev mayın 26-29-da Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında AZƏRTAC-a müsahibəsində deyib.
Nazir bildirib ki, ali təhsil müəssisələri festivalda müstəqil şəkildə iştirak edir. Azərbaycan Dövlət Neft və Sənaye, Gəncə Dövlət və Naxçıvan universitetlərinin 6 layihəsi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəaliyyətini əks etdirən 3 layihə və materiallarla təmsil olunur.
Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 26-29-da Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilir.