TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ ALMANİYADA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Köln Tətbiqi Elmlər Ali Məktəbinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfərin əsas məqsədi Almaniya-Azərbaycan təhsil əlaqələrini genişləndirmək, ölkəmizin ali təhsil sistemini Boloniya prosesinin tələblərinə uyğunlaşdırılmaq və Avropa ali təhsil məkanına inteqrasiya etmək, texniki ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrini, təcrübə mübadiləsini genişləndirmək, azərbaycanlı gənclərin Almaniyanın ali məktəblərində təhsil imkanları, texniki-peşə təhsilinin inkişafı üzrə Almaniya və beynəlxalq təcrübədən istifadə sahəsində müvafiq müzakirə və danışıqlar aparmaq idi.
Səfərin ilk günü nümayəndə heyəti Köln Tətbiqi Elmlər Ali Məktəbində “Azərbaycanda mühəndis təhsili sistemində islahat prosesi” mövzusunda keçirilən tədbirdə iştirak etmişdir.
Tədbirdə təhsil ocağının rektoru, professor Yoaxim Metsner çıxış edərək Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq barədə məlumat vermişdir.
Almaniya Federativ Respublikası Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası qrupunun sədri Şteffen Rayxe ölkəmizin Almaniyada daha geniş təbliği sahəsində səylərin artırılmasının vacibliyini bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil və mədəniyyət sahələrində son illərdə həyata keçirilmiş tədbirləri yüksək qiymətləndirmişdir.
Alman Akademik Mübadilə Xidməti (DAAD) baş katibinin müavini Vilfrid Berqman ölkələrimiz arasında həyata keçirilən akademik mübadilə barədə məlumat vermişdir. Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer təhsil və mədəniyyəti iki ölkə arasında əməkdaşlıq körpüsünün əsas istiqamətləri kimi səciyyələndirmişdir.
Köln Tətbiqi Elmlər Ali Məktəbinin professoru Reza Talebi-Deryani ölkəmiz müstəqillik əldə edəndən bəri TEMPUS proqramı çərçivəsində hər iki ölkənin ali məktəbləri arasında həyata keçirilən əməkdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə təhsil naziri Misir Mərdanovun “Azərbaycan və Boloniya prosesi” mövzusunda məruzəsi dinlənilmişdir.