ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda “Məktəb təhsilində İKT-nin imkanları” mövzusunda təqdimat keçirilmişdir
Bakı, 26 may (AZƏRTAC). Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində informatika və texnologiya fənni kurikulumunun hazırlanması üzrə beynəlxalq müşahidəçi, özbəkistanlı mütəxəssis Sayera Raxmankulova “Məktəb təhsilində İKT-nin imkanları” mövzusunda təqdimatla çıxış etmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, S.Raxmankulova təqdimatında hər şeydən öncə müasir təhsil sisteminin şagirdlərdə formalaşdırmalı olduğu bacarıqlara toxunmuşdur.
İKT-nin həyatımızın hər bir sahəsinə nüfuz etdiyini nəzərə çarpdıran beynəlxalq müşahidəçi bunlarsız müasir cəmiyyətin tələblərinə cavab verən şəxsiyyəti yetişdirməyin mümkünsüz olduğunu bildirmişdir.
Təhsildə yeni texnologiyalardan və onların tətbiqindən bəhs edən S.Raxmankulova yeni texnologiyaların tətbiqinin təhsildə mühüm irəliləyişlərə səbəb olacağını və nəticədə bu inkişafın şəxsiyyətin formalaşmasında özünü büruzə verəcəyini xüsusi vurğulamışdır.
Sonra mövzu ətrafında müzakirələr aparılmış, S.Raxmankulova iştirakçıların suallarını cavablandırmışdır.