TƏHSİLDƏ KEYFİYYƏT AMİLİNƏ DAHA ÇOX FİKİR VERİLƏCƏKDİR
Azərbaycanın ali və orta ixtisas məktəblərində təhsilin keyfiyyətinə daha çox fikir veriləcəkdir. Ötən 5 illə müqayisədə məktəblərin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Bu iş davam etdiriləcək, eyni zamanda biz daha çox təhsilin keyfiyyətinə diqqət yetirəcəyik. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə müsahibəsində bildirmişdir.
Nazir demişdir ki, bu günədək məktəblərin maddi-texniki bazasının inkişafına daha çox diqqət yetirilmişdir. Lakin bu sahədə vəziyyət yaxşılaşdığından bundan sonra tədrisin keyfiyyəti ön plana keçəcəkdir. İlk növbədə buraxılış imtahanlarına, diplom müdafiələrinə diqqət artırılacaqdır. Bununla yanaşı, dərsliklərin, dərs vəsaitlərinin yaxşılaşdırılması, müəllimlərin seçilməsi, təhsil prosesində onların məsuliyyətinin artırılması və digər məsələlərə üstünlük veriləcəkdir.
Nazir bildirmişdir ki, bundan əlavə, gənc istedadların aşkarlanması prosesi davam edəcəkdir. Bu gün Azərbaycanın 32 bölgəsində istedadlar məktəbi yaradılmışdır. Bütün dünyada istedadlı insanları aşkara çıxaran, onlara şərait yaradan ölkələr daha yaxşı inkişaf edir. Bizim ölkəmizdə də bu məsələ Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Nazir məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirmişdir. Misir Mərdanov demişdir ki, bu ilin sonunadək Azərbaycanda 200-dən çox məktəb binasının, tədris korpusunun inşası, tikinti və təmir işləri nəzərdə tutulmuşdur.