ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi özəl sektor nümayəndələri ilə əməkdaşlığı davam etdirir

Bakı, 15 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “DABLY” MMC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib.
Əməkdaşlıq çərçivəsində Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “DABLY” MMC-nin təsisçisi və direktoru Leyli Zalova cəlb edilib. Eyni zamanda, həmin müəssisənin istehsalat bazasında müvafiq peşə ixtisası üzrə imtahanların təşkil olunması ilə əlaqədar razılıq əldə edilib
Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.
Qeyd edək ki, cari ildə qiymətləndirilməsi və tanınması həyata keçirilən ixtisaslar üzrə əməkdaşlıq etmək istəyən müəssisələr [email protected] ünvanına və yaxud yazılı formada rəsmi müraciət edə bilərlər.
Qeyd edək ki, Agentlik cari ildə bərbər, bağban-dekorator, qənnadıçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru, tikişçi, baytar texniki, mobil telefonların təmiri ustası, plastik boru qaynaqçısı, ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, elektrik qaz qaynaqçısı, turizm sahəsində iaşə üzrə mütəxəssis, avtomobillərin təmiri üzrə çilingər, aşpaz ixtisasları üzrə qiymətləndirmə və tanınmanı həyata keçirir.