ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyində Beynəlxalq Məşvərət Şurası yaradılıb
Bakı, 25 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Beynəlxalq Məşvərət Şurası yaradılıb.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, Beynəlxalq Məşvərət Şurasının yaradılmasında əsas məqsəd ali təhsildə institusional və proqram akkreditasiyasının aparıcı beynəlxalq təcrübəyə əsaslanması, agentliyin beynəlxalq əməkdaşlığının gücləndirilməsi və lazım gələrsə TKTA-nın proseduralarının təkmilləşdirilməsi üçün konsaltinq xidmətlərinin göstərilməsidir.
Qeyd edək ki, TKTA-nın Beynəlxalq Məşvərət Şurasında Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin vitse-prezidenti Olqun Çiçək, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin icraçı direktoru Vicki Stott, Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının prezidenti Muhsin Kar, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Yolanta Silka, Niderland Krallığının Akkreditasiya Təşkilatının icraçı direktoru Luut Kroes, Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin direktoru Alina Jumaqulova və Mastrixt Universitetinin professoru Vim Groot kimi nüfuzlu beynəlxalq ekspertlər yer alır.
Şuranın yaradılması Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası münasibətlərin genişləndirilməsinə xidmət edəcək və TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək.