Tələbə-könüllülər Bakı Marafonuna dəstək verəcək
Bakı, 1 may, AZƏRTAC
Təhsil Nazirliyinin 600-dən çox “BİR” tələbə-könüllüsü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu-2019”a dəstək verəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 5-də baş tutacaq “Bakı Marafonu-2019” layihəsinin məqsədi idmanın inkişafına təkan vermək, sağlam həyat tərzini təbliğ etməkdir.
“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.
Marafonun bütün iştirakçıları yarış zamanı “BİR” tələbə-könüllülərin dəstəyindən faydalanacaqlar.
“BİR” tələbə-könüllülər Bakı şəhərinin ticarət mərkəzindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrində marafon iştirakçılarının qeydiyyat prosesini həyata keçirirlər. Marafon günü tələbə-könüllülər xüsusi əyləncə proqramlarının təşkili, logistika, nəzarət, iştirakçıların yönləndirilməsi və digər işlərdə fəaliyyət göstərərək tədbirin uğurla həyata keçirilməsinə dəstək olacaqlar.
Qeyd edək ki, “BİR” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox tələbə-könüllünü birləşdirir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü dəstəyi, eləcə də təşkilati dəstək verilib.
“BİR” tələbə-könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.