ELM VƏ TƏHSİL
Tələbə qəbulu dövründə ADPU-da 5356 müraciət cavablandırılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə tələbə qəbulu kampaniyası dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) müvafiq strukturları və tələbə təşkilatları tərəfindən son iki ay ərzində sistemli fəaliyyət icra olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu dövrdə universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən rəsmi instaqram səhifəsi vasitəsilə 4578, feysbuk səhifəsi vasitəsilə 100, elektron poçt vasitəsilə 16, votsap və teleqram üzərindən 166 müraciət cavablandırılıb, eyni zamanda, şöbəyə 228 zəng daxil olub.
Həmçinin qəbul müddətində şöbə tərəfindən aktiv marketinq kampaniyası aparılıb, bu vaxt intervalında rəsmi sayt, instaqram, feysbuk, teleqram, votsap və linkedin kanallarında platformaların xüsusiyyətlərinə müvafiq 50 fərqli məlumatlandırıcı və istiqamətverici məzmun yayımlanıb.
Tələbələrin onlayn qeydiyyatına dəstək məqsədilə universitetdə canlı operativ dəstək xidməti təşkil olunub. Dəstək xidmətində 300-dək abituriyent və valideynə onlayn qeydiyyat, təhsil krediti, təhsil haqqına güzəşt və s. məsələlərlə bağlı yerində xidmət və yardım göstərilib.
Bu dövrdə ümumilikdə 5356 müraciətə baxılıb. Eyni zamanda, I kursa qəbul olmuş tələbələrin universitetlə bağlı məlumatlara asan çıxışlarını təmin etmək və suallarını yerində cavablandırmaq məqsədilə “ADPU 2024 – I kurs İnfoMərkəz” teleqram məlumatlandırma qrupu yaradılıb. Burada yeni qəbul olunan tələbələri maraqlandıran məsələlərlə bağlı müvafiq şöbələrin və tələbə təşkilatlarının nümayəndələri tərəfindən mütəmadi məlumatlar verilir, suallar cavablandırılır. Hazırda qrupa 600 nəfərədək tələbə üzv olub ki, bu da ADPU-ya yeni qəbul olunan tələbələrin 22 faizini əhatə edir.
Qəbul kampaniyası müddətində ADPU-nun müxtəlif digər strukturları və fakültələr tərəfindən də onlarla vətəndaş müraciətləri cavablandırılıb, fakültələrə yaxınlaşan abituriyent və valideynlərə zəruri kömək göstərilib.