Tələbələr Rabindranat Taqorun yaradıcılığı barədə məlumatlandırılıblar
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) hind, benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof Rabindranat Taqorun anadan olmasının 157-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbir ADU-nun hind dili və mədəniyyəti mərkəzinin və “Sangat” hind klubunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana R.Taqorun həyat və yaradıcılığı haqqında məlumat verib, onun Nobel mükafatı alan ilk asiyalı olduğunu xatırladıb, şairin gördüyü xeyirxah işlərdən söz açıb.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova bu cür tədbirlərin tələbələrin hind dili və mədəniyyəti ilə yaxından tanış olmaları baxımından əhəmiyyətini qeyd edib. “Sangat” hind klubunun fəaliyyətindən danışan prorektor klubun daim innovativ addımlarla tələbələrin bilik və bacarıqlarının formalaşmasına kömək etdiyini deyib.
Universitetin hind dili müəllimi Roopali Sinha “Sangat” hind klubunun fəaliyyətinə şərait yaratdığına görə ADU-nun rəhbərliyinə minnətdarlığını bildirib. Klubun məqsədinin hind mədəniyyətini, ənənələrini və fəlsəfəsini tanıtmaq olduğunu söyləyib.
Sonra R.Taqorun həyat və yaradıcılığından bəhs edən film göstərilib, onun şeirləri, müdrik fikirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib, Benqal milli rəqsi ifa olunub.