Tələbələrin konfransı - Ümummilli Liderin şəxsiyyətinə hörmət və ehtiramın təzahürü
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Bakı Ali Neft Məktəbində (BANM) tələbələrin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş respublika elmi-texniki konfransının açılış mərasimi keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov konfransın Ümummilli Liderin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor bildirib ki, konfransın əsas məqsədi tələbələrin elmə olan maraqlarını, bilik və bacarıqlarını artırmaq, onlarda elmi-tədqiqat işləri aparmaq üçün maraq yaratmaq, tələbələr arasında bilik və bacarıqların mübadiləsini təmin etməkdir.
Tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, gənclərimizin elm və təhsilə cəlb edilməsini dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib.
Konfrans plenar bölmədən, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı - 1969-2003-cü illər”, “Kimya mühəndisliyi”, “Fizika-riyaziyyat”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölmələrindən ibarət olacaq. İndiyədək bu bölmələr üzrə BANM və digər universitetlərdən ümumi 68 məruzə təqdim edilib. Bu məruzələrdən 35-i BANM-ə, qalanı isə digər universitetlərə aiddir. Konfransın ilk günündə 5 plenar məruzə təqdim olunub.
Konfransda iştirak üçün bu il respublika üzrə 10-a yaxın ali təhsil müəssisəsi qoşulub.
Mayın 2-dək davam edəcək konfransda bölmələr üzrə iclaslar keçiriləcək, yekun iclasda isə tələbələr tərəfindən hazırlanmış məruzələrin mükafatlandırılması olacaq. Mükafatlandırılma zamanı tələbələrə 1-ci və 2-ci dərəcəli diplomların təqdim olunması, eləcə də çıxışları ilə seçilmiş tələbələrə sponsorlar tərəfindən həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulub.