TELEKOMMUNİKASİYA SEKTORUNDA ÜMUMİ XİDMƏTİN HƏCMİ BİRİNCİ RÜBDƏ 204,5 MİLYON MANAT TƏŞKİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin birinci rübünün nəticələrinə görə, telekommunikasiya sektorunda göstərilmiş ümumi xidmətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,9 faiz artaraq 204,5 milyon manat təşkil etmişdir. Gəlirin 79,9 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən əldə olunmuşdur. Mənfəətin 79,1 faizi əhaliyə göstərilmiş rabitə xidmətlərindən yaranmışdır. Bu barədə aprelin 12-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Əli Abbasov məlumat vermişdir.
O bildirmişdir ki, sektorda əldə olunan gəlirin 73,6 faizi mobil operatorların payına düşmüşdür. 2007-ci ilin I rübü ilə müqayisədə artım tempi 61,2 faiz olmuşdur.
2008-ci ilin I rübündə ÜDM-in təxminən 59,5 faiz artmasına baxmayaraq, telekommunikasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumdaxili məhsuldakı payı 1,9 faiz təşkil etmişdir. Buna səbəb ÜDM-in həcminin neft sektoru və digər sahələrin inkişafı hesabına daha sürətlə artması olmuşdur.
2008-ci ilin I rübündə RİTN strukturuna daxil olan birlik və müəssisələr üzrə 46,7 milyon manat proqnoza qarşı 46,5 milyon manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 milyon manat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən rabitə xidmətləri üzrə 8,8 milyon manat gəlir əldə olunmuş, bu göstərici 20,3 milyon manata çatdırılmışdır.
İclasda RİTN aparatının rəhbəri Vidadi Zeynalovun 2008-ci ilin birinci rübünün nəticələrinə dair məruzəsi, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi və Məlumat Hesablama Mərkəzi rəhbərlərinin həyata keçirilən layihələr barədə məlumatları dinlənilmişdir.
Kollegiya üzvləri həmçinin Dövlət Radiotezliklər İdarəsi və “Azərmarka” şirkətinin hesabatlarını dinləmişlər.
İclasın sonunda yekun sözü ilə çıxış edən nazir Əli Abbasov bu sahənin daha sürətli inkişafı üçün bundan sonra da səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğulamışdır.
