Təlim-Tədris Mərkəzində “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib
Naxçıvan, 29 aprel, AZƏRTAC
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2019-cu il üzrə Tədbirlər Planına əsasən nəşr edilmiş “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Elman Orucov, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Ovni Muradov, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və digərləri çıxış edərək, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla və 10 min tirajla nəşr olunan kitabın maarifləndirici əhəmiyyətindən danışıblar.
Bildirilib ki, kitabda Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılıb. “Pedaqoji fikir tarixindən” kitabının elmi-pedaqoji əhəmiyyəti, təlim-tərbiyə prosesində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.
Çıxışların ardından Heydər Əliyev adına Hərbi Liseyin kursantları “Pedaqoji fikir tarixindən” kitabında yer almış görkəmli şəxsiyyətlərimizin, maarifpərvər ziyalılarımızın əsərlərindən elm, təhsil, tərbiyə ilə bağlı seçmələrini təqdim ediblər.
Sonda Naxçıvan Dövlət Televiziyasının Eynəli bəy Sultanov haqqında hazırladığı “Onun həyat amalı” televiziya filmi nümayiş olunub.