“Təməl Kitab”ın əməkdaşları uşaq sığınacağı mərkəzində
Bakı, 30 yanvar, AZƏRTAC
“Təməl Kitab” təhsil nəşrləri ofisinin əməkdaşları “Azərbaycan uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində yerləşdirilmiş uşaqlarla maraqlı gün keçiriblər.
Ofisdən AZƏRTAC-a bildirilib ki, “Təməl Kitab”ın baş redaktoru İlham Rəfiyev uşaqlarla maarifləndirici söhbət edib, onları oxumağa, öyrənməyə, gələcəyin həkimi, müəllimi, mühəndisi, jurnalisti olmağa həvəsləndirib. Bildirib ki, gələcəkdə kimin hansı sənətə yiyələnəcəyindən asılı olmayaraq, elmə, kamilliyə aparan yol yaxşı təhsildən keçir.
“Təməl-Kitab”ın əməkdaşları - Səbinə Haqverdiyeva və Şəbnəm Məhərrəmova uşaqlar arasında əyləncəli oyunlar keçiriblər. Görüşün sonunda nəşriyyatın məhsulu olan “Dəyərlər aləmi” seriyasından onlar üçün oxunan nağılı maraqla dinləyiblər. Uşaqlara “Təməl Kitab”ın hazırladığı hədiyyələr paylanıb.