Tənha və ahıl vətəndaşlara sosial xidmət davam etdirilir
Bakı, 5 may, AZƏRTAC
Koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin dövlətimizin başçısının təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının göstəricisidir.
Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq partiyanın könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər. Həmin tarixdən etibarən bu aksiyaya uyğun olaraq YAP-ın könüllüləri və nazirliyin sosial işçiləri müntəzəm olaraq ahılları ziyarət edir, onları gündəlik lazım olan ərzaq və tibbi vasitələri ilə təmin edirlər. Tənha, ahıl insanlar göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə edirlər.