İQTİSADİYYAT
TƏRƏVƏZÇİLƏR YÜKSƏK KEYFİYYƏTLİ VƏ MƏHSULDAR TOXUMU DAHA KƏNARDA AXTARMAYACAQLAR
ALICILAR İSƏ FARAŞ MƏHSULLA TƏMİN OLUNACAQLAR
Azərbaycanda uğurla həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının digər sahələrində olduğu kimi, tərəvəzçilikdə də yüksək nəticələr qazanmağa imkan yaratmışdır. Keçən il 1990-cı ildəkindən 419,7 min ton çox tərəvəz məhsulları istehsal olunmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin üzümçülük, meyvə-tərəvəz və çayçılıq sahələrinin əlaqələndirilməsi idarəsində bu qənaətdədirlər ki, istehsalın artımını təmin edən amillərdən biri də məhsuldar toxum sortlarına üstünlük verilməsidir. Əsas cəhət budur ki, artıq tərəvəzçilər yüksək keyfiyyətli və məhsuldar toxumu ölkədən kənarda axtarmırlar. Çünki Samux, Xaçmaz, Lənkəran, Qusar, Tovuz, Gədəbəy rayonlarında bilavasitə toxum yetişdirməklə məşğul olan təsərrüfatlar yaradılmışdır. Məsələn, “Tovuz-Baltiya Ltd”, “EMA” şirkətləri, “Flora” firması Hollandiyadan gətirilmiş məhsuldar kartof sortlarının rayonlaşdırılması ilə məşğuldur. Bu təsərrüfatlarda rayonlaşdırılmış “İmpala”, “Mona Liza”, “Arinda” və digər sortlar hər hektardan 300-450 sentner məhsul götürməyə imkan vermişdir.
Kartofçular faraş məhsul yetişdirmək üsullarına da yiyələnirlər. Sabirabad, Bərdə, Tovuz, Şəmkir və Abşeron rayonlarında hər il minlərlə ton faraş məhsul yetişdirilib bazara çıxarılır. Müşahidələr göstərir ki, Azərbayacnın tərəvəz istehlakçılarının xarici istehsalçılardan asılılığına tezliklə son qoyulacaqdır.