DÜNYA
Terrorçu qadın Volqoqrad dəmiryol vağzalının girəcəyində bomba partlatmışdır
Bakı, 29 dekabr (AZƏRTAC). Volqoqrad dəmiryol vağzalında partlayışın “kamikadze” qadın tərəfindən törədilməsi ehtimal edilir.
Milli Antiterror Komitəsi (MAK) bu barədə bazar günü məlumat vermişdir.
Məlumatda deyilir: “Bu gün saat 12.45-də Volqoqrad şəhərinin dəmiryol vağzalında naməlum partladıcı qurğunun işə düşməsi nəticəsində insan tələfatına gətirib çıxarmış güclü partlayış baş vermişdir. Partlayışın “kamikadze” qadın tərəfindən törədilməsi ehtimal edilir”.
Volqoqrad vağzalında partlayış nəticəsində həlak olanların və yaralananların sayı barədə ziddiyyətli məlumatlar yayılmışdır. Belə ki, Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin məlumatına görə, partlayış nəticəsində 10 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
İstintaq komitəsinin məlumatına görə azı 13 nəfər həlak olmuşdur.
Volqoqrad vilayət hökuməti 18 nəfərin həlak olduğunu, 40-dan çox adamın yaralandığını bildirir.
MAK zərər çəkənlərin sayını dəqiqləşdirmədən onların Volqoqrad şəhər tibb müəssisələrinə çatdırıldığını bildirir.
Hadisə yerinə Federal Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələrinin qüvvələri və vasitələri göndərilmişdir. Federal Təhlükəsizlik Xidmətinin partlayış texnikası mütəxəssisləri hadisə yerini müayinə edir, əməliyyat-istintaq qrupu hadisə yerində işləyir.
MAK bildirir: “Əməliyyat qərargahı çevik fəaliyyət xidmətlərinin, təhlükəsizlik orqanlarının və asayişi mühafizə qüvvələrinin təkrar partlayışlara yol verilməməsi, inzibati-rejim və əməliyyat-axtarış tədbirləri kompleksinin təşkili ilə bağlı işlərini əlaqələndirir”.