REGİONLAR
Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə aşağı seçki komissiyalarının 354 üzvü treninqlərə cəlb edilib
Tərtər, 12 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində təşkil edilən treninqlərdə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin 59 məntəqəsi üzrə, ümumilikdə, aşağı seçki komissiyalarının 354 üzvünün iştirakı nəzərdə tutulur.
Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” təlim kurslarının iştirakçısı olmuş Zaur Kərimov və Qalib Cavadov tərəfindən aparılır. Gün ərzində iki dəfə olmaqla keçirilən treninqlərdə iştirakçılara slaydların köməyi ilə seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir. Treninq zamanı müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır. Aşağı seçki komissiyası üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar da təqdim olunur. Treninqlər avqustun 17-də başa çatacaq.
Qeyd edək ki, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir. Dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsi üzrə 49 min 185 seçici qeydə alınıb. Onlardan 413 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1116 nəfəri 80-100 yaş arasındadır, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır.