Tərtər rayonunda vətənpərvərlik mövzusunda tədbirlər keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Tərtərdə yerləşən Qarabağ regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə rayonda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib. İctimai Birliyin üzvləri şəhid ailələri, məcburi köçkünlər, Qarabağ qaziləri və əlilləri, eləcə də digər əlillərlə görüşüblər.
Təşkilatın regional nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, həmin görüşlər zamanı maarifləndirmə tədbirləri aparılıb, onları maraqlandıran suallara cavablar verilib, iştirakçılara Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən nəşr olunan 300 ədəd "Vətəndaş cəmiyyəti" jurnalı paylanılıb.
Görüşdən sonra Sarıcalı kəndindəki Şəhidlər abidəsi ziyarət edilib. İctimai Birliyin sədri Tahir Xudiyev, ikinci qrup əlil Sarvan Əmrahov, Qarabağ müharibəsi veteranı və təqaüddə olan polis əməkdaşı Həsənağa Bayramov, Tərtər rayon Əfqanıstan veteranları cəmiyyətinin sədri Mətləb Əliyev və rayon sakini Niyazi Kazımov vətənpərvərlik mövzusunda çıxış ediblər.
Təşkilatın nümayəndələri ön cəbhədə postda dayanan polis əməkdaşları və əsgərlərlə görüşüblər. "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı altında keçirilən görüşlər tədbir iştirakçılarında ruh yüksəkliyi yaradıb.