Tərtərdə Bayraq Muzeyinin inşasına başlanılıb
Tərtər, 30 yanvar, AZƏRTAC
Tərtər şəhərindəki Bayraq Meydanının ərazisində Bayraq Muzeyinin inşasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazisi 0,12 hektar olan meydanda inşa edilən Bayraq Muzeyinin tikinti sahəsi 720 kvadratmetrdir. İnşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bayraq muzeyinin ərazisində abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq.
Muzeydə tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin Silahlı Qüvvələrin qoşun növlərinin bayraqları, gerblər, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunub saxlanılacaq.
Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, rayon sakinlərində və qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verəcək.