Tərtərdə şəhid Nicat İsgəndərovun xatirəsi anılıb
Tərtər, 3 aprel, AZƏRTAC
Tərtərdə 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nicat İsgəndərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Məktəblilər tərəfindən dövlət himni səslənib, Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
Tədbirdə bildirilib ki, Nicat İsgəndərov Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər şəhərinin küçələrindən birinə şəhidin adı verilib, barelyefi quraşdırılıb. Onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən sənədli film çəkilib.
Tədbir iştirakçıları şəhidin evində də olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov və anası Maya İsgəndərova Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.