SİYASƏT
TƏVƏLLÜDÜN MÜBARƏK, İLHAM LEŞKAŞELİ!
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının əməkdaşı Kote Leşkaşeli və onun xanımı Tamaranın sonsuz sevincinə səbəb olmuş övladlarının dünyaya gəldiyi vaxt Azərbaycanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinin elan olunduğu saata təsadüf etmişdir. Kote bu seçkilərin gedişini, özünün dediyinə görə, həyəcanlı və intizarlı olsa da, çox diqqətlə izləyirmiş. Qardaş Azərbaycan xalqının müdriklik göstərərək, mütləq səs çoxluğu ilə İlham Əliyevi öz ölkəsinin Prezidenti seçməsi ilə əlaqədar həddsiz sevinc hissi keçirən Kote, oğul atası olduğunu biləndə tərəddüd etmədən belə bir qərar vermişdir: Övladıma Azərbaycan dövlətinin yeni başçısının şərəfinə İlham adı qoyacağam.
Kote Leşkaşeli bu qərara həm də Azərbaycan və Gürcüstan xalqlarının qədim dostluğa malik olmasının təsdiqi kimi gəldiyini qeyd edərək demişdir ki, dövlətlərimiz müstəqillik qazandıqdan sonra dünya şöhrətli prezidentlər Heydər Əliyevlə Eduard Şevardnadzenin qardaşlıq münasibətləri sayəsində ölkələrimizin dostluq əlaqələri daha da möhkəmlənmişdir. Mən də, həyat yoldaşım Tamara da bu dostluğu yüksək dəyərləndiririk. Mən Gürcüstan Beynəlxalq Neft Korporasiyasında çalışıram. Bizim korporasiyanın Azərbaycanla sıx bağlılığı vardır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi qardaş xalqlarımızı bir-birinə daha sıx tellərlə bağlamışdır. Bu kəmərin tikintisinin reallaşması üçün Azərbaycanın yeni Prezidenti İlham Əliyevin ölçüyəgəlməz xidmətləri vardır. Arzum budur ki, mənim oğlum İlham da böyüyəndə öz məşhur adaşı kimi xalqlarımızın dostluq ənənələrinin daha da möhkəmlənməsi işinə öz töhfələrini versin.
Dünyaya gəlişi ilə Tbilisinin ən adi doğum evlərindən biri olan “Orioni”ni də məşhurlaşdıran gürcü İlham Leşkaşeliyə burada “Doğum haqqında şəhadətnamə” verilməsi əsl təntənəli mərasimə çevrilmişdir. Qohumların, dostların toplaşdığı bu mərasimdə Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturia, Gürcüstan hökumətinin neft-qaz məsələləri üzrə müşaviri Maykl Kaudili (ABŞ), Tbilisi VAAQ-ın direktoru Tsiala Cocia və digər hörmətli qonaqlar çıxış edərək Gürcüstanın İlham adlı yeni vətəndaşına sağlam və xoşbəxt böyüməyi, gələcəkdə öz adaşı kimi məşhurlaşmağı arzulamışlar. Belə bir fikir səslənmişdir ki, cəmi 3-4 onillikdən sonra, kim bilir, bəlkə də Gürcüstanın da İlham adlı Prezidenti olacaqdır.
Mərasimdə çox arzular, çox diləklər səsləndi. Ancaq bir fikir dönə-dönə vurğulandı ki, gürcü və Azərbaycan xalqlarının dostluq və qardaşlığı bundan sonra da yeni xoş hadisələrlə möhkəmlənəcək, tərəqqi tapacaqdır.
Bu hadisədən xəbər tutan Azərbaycan Respublikasının Prezidenti seçilmiş Baş nazir İlham Əliyev öz balaca adaşının valideynlərini təbrik etmiş, ona xoş münasibətə görə bu ailəyə təşəkkür məktubu göndərmişdir. (Məktub qəzetdə dərc olunur).