Teymur Musayev: Davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək VİDEO
Bakı, 16 may, AZƏRTAC
Davamlı peşəkar inkişaf üzrə elmi və ya tədris tədbirlərini ali və orta ixtisas tibb təhsili müəssisələri, tibb sahəsi üzrə “Elm haqqında” Qanuna uyğun olaraq elm müəssisələri, xarici ölkələrin Azərbaycan Respublikasında olan tibb sahəsi üzrə təhsil və elm müəssisələrinin filialları, tibb mütəxəssislərini birləşdirən və təsis sənədlərində tibb mütəxəssislərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi müəyyən edilən ictimai birliklər həyata keçirəcək. Davamlı peşəkar inkişaf təminatçılarının siyahıları, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş tədbirlər nazirliyin internet saytında yerləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən səhiyyə naziri Teymur Musayev nazirlik tərəfindən parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək. Onlar öz bilik və bacarıqlarını müasir tibb elminin, qabaqcıl tibbi təcrübənin inkişaf tempinə uyğun olaraq təkmilləşdirəcəklər. Bu sahədə təşkil olunan elmi və tədris tədbirlərinin keyfiyyəti yüksələcək. Həmçinin səhiyyə sahəsində fəaliyyət göstərən ictimai birliklər daha aktiv və nəticəyönümlü fəaliyyət göstərəcək, tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının inkişaf etdirilməsində onların rolu yüksələcək. Nəticədə tibb mütəxəssisləri tərəfindən vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin ediləcək.
“Əlavə olaraq bildirmək istərdim ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası”nın və “Davamlı peşəkar inkişaf fəaliyyətlərinin kredit ekvivalentləri, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər”in layihələri üzərində işlər intensiv şəkildə davam etdirilir”, - deyə T.Musayev diqqətə çatdırıb.