“TGRT Belgesel” kanalı erməni cinayətlərindən bəhs edən geniş reportaj yayımlayıb
İzmir, 29 aprel, AZƏRTAC
Türkiyənin “TGRT Belgesel” televiziya kanalı erməni cinayətlərindən bəhs edən geniş reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda XX əsrin əvvəllərindən bu günə qədər erməni millətçi dairələrinin və təcavüzkar Ermənistan dövlətinin türk-müsəlman əhaliyə qarşı cinayətkar fəaliyyətlərindən bəhs olunub.
Qars Qafqaz Universitetində fəaliyyət göstərən doktor Yaşar Kopun fikir və mülahizələri əsasında hazırlanan reportajda saxta “böyük Ermənistan” iddiasının əsassız olduğu faktlarla tamaşaçıya çatdırılıb. Bölgədəki real vəziyyəti obyektiv təhlil edən alim vurğulayıb ki, ermənilərin Türkiyəyə qarşı saxta “soyqırımı” iddiasının heç bir əsası yoxdur. Bu məsələdə Türkiyəni günahlandıranlar açıq-aşkar düşmənçilik edirlər.
Yaşar Kop bildirib ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşdırılmasını istəyirsə, bu dövlət işğalçı qoşunlarını Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir