SİYASƏT
“The İrish Times”: Şərq ilə Qərbin qovuşduğu məkan
Bakı, 26 may (AZƏRTAC). İrlandiyanın nüfuzlu “The İrish Times” qəzetində “Eurovision-2012” mahnı müsabiqəsi fonunda Bakının möhtəşəmliyindən bəhs edən “Şərq ilə Qərbin qovuşduğu məkan” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin müəllifi yazır: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft sərvətlərindən istifadə edərək dalğalar qoynunda əsrarəngiz yeni binalar ucaldır. Demək olar ki, hər gün təzə tikililər istifadəyə verilir”. Həmin möhtəşəm tikililərdən birinin “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”un olduğunu diqqətə çatdıran müəllif vurğulayır ki, Bakı gözəlliyi ilə göz oxşayır.
Yazıda qeyd olunur ki, sakinləri fəxr ilə Bakını Avropanın ən şərqində, Asiyanın isə ən qərbində yerləşən şəhər adlandırırlar və ümid edirlər ki, Azərbaycan paytaxtını böyük turist axını gözləyir.
Bakının ən gözəl yerlərindən biri olan Dənizkənarı Bulvar haqqında danışan müəllif, Azərbaycan Dövlət Filarmoniyası, Milli İncəsənət Muzeyi kimi orijinal tikililərin insanı heyran etdiyini qeyd edir.
Məqalədə Bakının turistik məkanları, Şirvanşahlar Sarayı, məscidlər, məqbərələr, qədim yaşayış məskənləri, UNESCO-nun Dünya irs siyahısına daxil edilmiş İçərişəhər, Qız Qalası və digər görməli yerlər haqqında oxuculara ətraflı məlumat verilmişdir.