DÜNYA
“The Jerusalem Post”: İsrail HƏMAS ilə razılaşmanın ilk mərhələsində 2 min fələstinlini azad edəcək

Bakı, 17 yanvar, AZƏRTAC
Qətərin paytaxtı Dohada İsrail ilə HƏMAS hərəkatı arasında əldə edilən atəşkəs haqqında sazişin birinci mərhələsi 2 min fələstinli girovun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, “The Jerusalem Post” qəzetinin məlumatına görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək. Mübadilə üçün təsdiqlənən fələstinli girovların 250-yə yaxını ömürlük həbs cəzasına məhkum olunanlardır.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi yanvarın 16-da Dohada HƏMAS hərəkatı ilə Qəzza sektorunda atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib. Ofisdən verilən açıqlamaya görə, sazişin yekun təsdiqi üçün təhlükəsizlik nazirlərinin kabineti çağırılacaq, daha sonra isə hökumətin tam heyətinin iclası keçiriləcək. Məsələ ilə bağlı səsvermə yanvarın 18-də baş tutacaq.