TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB VİDEO











Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Bakı Dövlət Universitetində “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin 40 ali təhsil müəssisəsindən 84 əməkdaş iştirak edib.
Rektor Elçin Babayev bildirib ki, ali təhsil müəssisələrinin akkreditasiyası kifayət qədər məsuliyyətli bir prosesdir. Bu, yalnız universitetlərin fəaliyyətini qiymətləndirmir, həm də onların daxili inkişaf strategiyasını, idarəetməni necə qurduqlarını göstərir, cəmiyyət qarşısında cavabdehlik hissini gücləndirir: “Bəzən səhv olaraq akkreditasiyaya cəza mexanizmi kimi baxılır. Əksinə, akkreditasiya prosesi qüsurların düzəldilməsi üçün faydalı, universitetlərin xeyrinə olan prosesdir. Özünütəhlil hesabatları düzgün hazırlanmayanda nöqsanların düzəldilməsi də çətin olur. Keyfiyyət təminatı yalnız tədrisi deyil, elm, beynəlxalq əlaqələr, sosial həyat, hətta təsərrüfatın təşkili kimi məsələləri əhatə edir. Belə seminarların təşkili müxtəlif universitetlərin bu sahədə təcrübə mübadiləsi aparmasına imkan verir”.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması və tələbəyönümlü təhsil mühitinin gücləndirilməsi baxımından belə seminarların mühüm rol oynadığını vurğulayıb: “Ali təhsildə kəmiyyətin keyfiyyətə keçməsini yüksək səviyyədə təmin edə bilsək, cəmiyyətə daha çox fayda vermiş olarıq. Akkreditasiya ali təhsil müəssisələri üçün vəziyyətin düzgün qiymətləndirilməsi və onun daha da yaxşılaşdırılması üçün bir alətdir. TKTA bu məsələdə ali təhsil müəssisələrinə dəstək verməyə hazırdır”.
Seminarın əsas məqsədi institusional və proqram akkreditasiyasına ali təhsil müəssisələrinin hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri təcrübələri paylaşmaqdan ibarətdir.
Tədbirin ilk günü “Akkreditasiya prosesində ali təhsil müəssisələrinin və ekspertlərin rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə ali təhsil müəssisələrinin nümayəndələri və TKTA tərəfindən akkreditasiya proseslərinə cəlb olunmuş ekspertlər iştirak ediblər. Müzakirə zamanı ekspertlər və ali təhsil müəssisələrinin nümayəndələri akkreditasiya prosesində ali təhsil müəssisələrində müşahidə olunan güclü və zəif tərəfləri, proqram və institusional qiymətləndirmə arasında fərqləri, özünütəhlil hesabatlarında rast gəlinən əsas çağırışları, eləcə də akkreditasiyanın inkişafyönümlü qiymətləndirmə kimi tətbiqinə dair təcrübələrini bölüşüblər.
İki gün ərzində təşkil olunacaq seminar sessiyalarında TKTA əməkdaşları tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Sessiyalarda akkreditasiya mərhələləri, qiymətləndirmə meyarları, akkreditasiya prosesində sorğuların rolu, uğurlu akkreditasiya prosesini şərtləndirən amillər və özünütəhlil hesabatının hazırlanması kimi mövzulara dair iştirakçılara praktiki nümunələr təqdim ediləcək, mövzular üzrə suallar cavablandırılacaq. Eyni zamanda, TKTA nümayəndələri tərəfindən konkret nümunələr əsasında izahatlar verilərək iştirakçıların təklifləri dinləniləcək.
Qeyd edək ki, TKTA öz Nizamnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının tələblərə uyğun həyata keçirilməsi üçün mütəmadi şəkildə təlimlər təşkil edir və metodiki dəstək göstərir. TKTA tərəfindən ali təhsil müəssisələrinin akkreditasiya prosesinə hazırlığının artırılması üçün bu kimi təlimlərin ildə iki dəfə keçirilməsi nəzərdə tutulur.