İDMAN
Toğrul və Şərif xalqımıza unudulmaz sevinc bəxş etdilər
Goranboy, 13 avqust (AZƏRTAC). XXX London Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olmaq son illər müstəqil dövlətimizin idman sahəsində qazandığı ən böyük nailiyyətdir. Bu qələbə söz yox ki, ölkəmizdə idmana və onun inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində deyən Goranboy rayon sakini Gündüz Hacıyev onu da əlavə etmişdir ki, Azərbaycan dövləti bununla sübut etdi ki, müstəqil respublikamız təkcə iqtisadiyyatda deyil, eyni zamanda həyatımızın bütün sahələrində sürətlə inkişaf edir. “Eurovision-2012” mahnı müsabiqəsindən sonra idmançılarımız bizə daha bir sevinc bəxş etdilər. 2012-ci il London olimpiadasında 205 ölkə arasında 30-cu yeri tutan və bununla müstəqilliyi cəmi 20 il olan Azərbaycanın nələrə qadir olduğunu sübut edən idmançılarımız bu mötəbər yarışda öz sözlərini layiqincə dedilər. Belə uğurlarımız hələ çox olacaqdır. İnanırıq ki, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil dövlətimiz bundan sonra da bütün sahələrdə böyük uğurlar qazanacaqdır.