Tokio dairə məhkəməsi Karlos Qonun həbs müddətini daha on gün uzadıb
Tokio, 6 aprel, AZƏRTAC
Tokio dairə məhkəməsi prokurorluğun xahişini nəzərə alaraq “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun həbs müddətini daha on gün uzadıb.
AZƏRTAC xəbər verir ki, K.Qonun vəkillərinin apellyasiya şikayətinə baxmayaraq aprelin 14-dək həbsdə saxlanacaq. Vəkillər bildiriblər ki, K.Qonun qaçması və ya dəlilləri məhv etməsi ilə bağlı heç bir risk yoxdur.
Xatırladaq ki, prokurorluq martın 4-də K.Qonu “Nissan” şirkətinin rəhbəri olarkən tutduğu vəzifədən sui-istifadəyə görə dördüncü dəfə həbs edib. Bildirilir ki, K.Qon Omandakı dilerə köçürülən vəsaitlərin bir hissəsindən şəxsi məqsədləri üçün istifadə edərək şirkətə 5 milyon dollar ziyan vurub.
Məlumatlı mənbələrin bildirdiyinə görə, K.Qon ona qarşı irəli sürülən ittihamların hamısını rədd edir.
K.Qonun vəkili Zyuniçoro Hironaka martın 5-də jurnalistlərə bildirib ki, onun müdafiəçisi olduğu şəxsin həbsinə heç bir ehtiyac yoxdur. Belə ki, o, məhkəmə tərəfindən girov müqabilində azad edilərkən üzərinə götürdüyü bütün şərtlərə əməl edir.
Vəkil əlavə olaraq deyib ki, prokurorluq əməkdaşları K.Qonun iqamətgahında axtarış apararaq Yaponiyadan kənarda məhkəmə araşdırması ilə məşğul olan vəkillərlə razılaşdırma əsasında bəzi əşyaları, o cümlədən sənədləri müsadirə ediblər. Z.Hironaka deyib ki, bu, istintaq tərəfindən müdafiə hüququnun pozulması deməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio