CƏMİYYƏT
Torpaqlarımız uğrunda DSX-nin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığı unudulmayacaq













Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti əvvəlcə İkinci Fəxri xiyabanı, sonra Hərbi Qənimətlər Parkını ziyarət edib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərilərinə gül dəstələri düzülüb.
DSX aparatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə tariximizin ən böyük sərkərdəsi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin xalqımızın parlaq Qələbəsi ilə başa çatdığı, tarixi Zəfərimizin təmin edildiyi vurğulanıb.
Torpaqlarımızın azad edilməsi uğrunda aparılan haqq savaşında Silahlı Qüvvələrin, o cümlədən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti arasında şəhidlik zirvəsinə yüksələn hərbçilərin fədakarlığının yaddaşlardan silinməyəcəyi, axıtdıqları qanla müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanların əziz xatirələrinin hər zaman qürur və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasının daima uca tutulacağı vurğulanıb.
Sonda DSX-nin şəxsi heyəti tərəfindən Vətən müharibəsinə həsr edilmiş “Əsrə bərabər il” sənədli filmi izlənilib.