Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib



Bakı, 8 fevral, AZƏRTAC
Tovuz Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Konfransda təşkilati məsələlər müzakirə edilib. Tovuz Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə Məzahir Bayramovun namizədliyi irəli sürülüb və o, açıq səsvermə yolu ilə Şuranın sədri, Qasım Hüseynov isə İdarə Heyətinin üzvü seçilib.
Tovuz Rayon Ağsaqqallar Şurasının yeni sədri ona göstərilən etimada görə minnətdarlığını ifadə edib, təşkilatın uğurlu fəaliyyəti üçün bilik və təcrübəsini əsirgəməyəcəyini bildirib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Tovuz Rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvünü təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. O, ağsaqqallıq institutunun tarixindən, eləcə də Azərbaycanda və bütün Türk dünyasında ağsaqqalların yüksək nüfuzundan söz açıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müdrik və unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib, Prezident İlham Əliyevin Ümummilli Liderimizin yolunu hər sahədə böyük nailiyyətlərlə davam etdirdiyini vurğulayıb. Əlavə edib ki, 79 şəhər və rayon təşkilatında öz sıralarında 35 mindən çox vətəndaşımızı birləşdirən Azərbaycan Ağsaqqallar Şurasının üzvləri bundan sonra da dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalı, günümüzün ən böyük problemlərindən birinə çevrilən boşanmaların sayının minimuma endirilməsi üçün mütəmadi olaraq gənclərlə maarifləndirici söhbətlər aparmalıdır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov və digər tədbir iştirakçıları da rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və İdarə Heyətinin üzvünü təbrik edərək, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər diləyiblər.