Transanadolu təbii qaz boru xəttinin çəkilişini 2017-ci ildə başa çatdırmaq nəzərdə tutulur
Bakı, 4 yanvar (AZƏRTAC). 2017-ci ildə ilk “Şahdəniz” qazı hasil olunanadək biz Türkiyənin Avropa sərhədlərinə qədər uzanacaq Transanadolu təbii qaz boru kəmərinin (TANAP) çəkilişini yekunlaşdırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir.
TANAP ilə birinci mərhələdə 16 milyard kubmetr qazın nəql ediləcəyini bildirən R.Abdullayev, gələcəkdə kəməri genişləndirmək imkanının da olacağını vurğulamışdır.
Rövnəq Abdullayev TANAP-ın əhəmiyyətinə toxunaraq demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyi üçün böyük işlər görülür. Ölkəmizin gələcək davamlı inkişafı üçün öz qaz kəmərimizin olması və perspektiv yataqlarımızdan hasil ediləcək təbii qazın heç bir maneəsiz bazara çıxarılması məsələləri Azərbaycanın qarşıdakı 50-60 il üçün strateji vəzifələridir. Bu kəmərin reallaşması ilə Azərbaycanın davamlı gələcəyi üçün böyük bir işin təməli qoyulur.