İQTİSADİYYAT
TRASEKA NƏQLİYYAT DƏHLİZİ VASİTƏSİLƏ YÜK VƏ SƏRNİŞİN DAŞIMALARDAN 127 MİLYON MANATDAN ÇOX GƏLİR ƏLDƏ EDİLMİŞDİR
Bakı, 28 iyul (AZƏRTAC). Cari ilin yanvar –may aylarında Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) Azərbaycan ərazisindən keçən hissəsində yük və sərnişin daşımalardan 127,9 milyon manat gəlir əldə edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, gəlirlərin 42,5 faizi dəmir yolu, 21,7 faizi dəniz, 35,8 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə olunmuşdur.
Bu müddətdə TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 20,7 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çox yük, 83,3 milyon nəfər və ya 7,8 faiz çox sərnişin daşınmışdır.
Yüklərin 40,2 faizi dəmir yolu, 43,6 faizi avtomobil, 16,2 faizi dəniz nəqliyyatı vasitəsi ilə daşınmışdır. Bu, ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 27,1 faizini təşkil etmişdir.