Tur-aksiya iştirakçıları muzeylər və parklar şəhəri Xaçmazda
Xaçmaz, 18 mart, Elxan Yusifli, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində on rayonu təmsil edən 400-dən çox şagirdin şimal bölgəsi ilə tanışlığının sonuncu ünvanı muzeylər və parklar şəhəri Xaçmaz olub.
AZƏRTAC xəbər verir ki, martın 18-də Neftçala, Salyan, Şirvan, Şuşa, Zəngilan, Lənkəran, Astara, Lerik, Yardımlı və Yevlax rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Xaçmaz şəhərinin mərkəzindəki Heydər Əliyev parkına gəliblər. Burada onları rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri qarşılayıblar.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, Xaçmaz geniş turizm imkanlarına görə seçilən rayonlardandır. Buranı parklar və muzeylər şəhəri adlandırırlar. Bununla yanaşı, Xaçmaz ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Qonaqlar şəhərdə yeni inşa olunan Heydər Əliyev Mərkəzinə də baş çəkiblər.
Ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılıblar. Bildirilib ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. 2017-ci il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə qatarlar Londondan Pekinədək hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.
Daha sonra məktəblilər Xaçmaz şəhərində Azərbaycanın görkəmli şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulan, açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyinə gəliblər. Ekskursiya iştirakçılarına 2006-cı ildə yaradılan muzey-park haqqında ətraflı məlumat verilib.
Tur-aksiyanın iştirakçıları 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Diqqətə çatdırılıb ki, muzeydə ölkəmizin, o cümlədən Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat var.
Məktəblilər Xaçmaz Dövlət Rəsm Qalereyası ilə tanışlıqdan sonra Bayraq Meydanı Kompleksinə gəliblər.
Meydan və Çənlibel parkında gəzintidən sonra şagirdlər ekskursiyalarını başa vuraraq yola salınıblar.
Tur-aksiya iştirakçıları yolüstü “Şabran şəhəri” tarixi qoruğunda olublar. Əsası eramızdan əvvəl I minilliyin ortalarında qoyulduğu ehtimal edilən Şabran şəhərinin qalıqları ilə tanışlıq şagirdlərdə zəngin təəssürat doğurub.