Tur-aksiya iştirakçıları: Naxçıvan bənzərsiz gözəlliyə malikdir
Naxçıvan, 17 mart, AZƏRTAC
Həqiqətən də, ölkəmizin hər bir guşəsi gözəldir. Naxçıvanın gözəlliyi isə bənzərsizdir. Burada tarixlə müasirlik gözlər önündə canlanır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhərinin Xətai rayonundakı Humanitar Təmayüllü Liseyin 11-ci sinif şagirdi Gülçin Hacıyeva deyib.
O qeyd edib ki, Naxçıvanda olduğu ötən günlərdə bir çox tarixi-mədəni abidələrlə tanış olub, dəyərli məlumatlar alıb: “Naxçıvan şəhərindəki, Ordubad və Culfa rayonlarının ərazisindəki tarixi abidələr tarixi keçmişimiz haqda məndə çox böyük təəssürat yaratdı. Gülüstan abidəsi haqqında indiyədək bilmədiyim çox şeyi öyrəndim. Sevinirəm ki, Bakıya qayıdanda öz yoldaşlarıma deməyə çox sözüm olacaq. Bütün şagirdlər adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Nəsimi rayon 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərid Əliyevi isə ən çox təəccübləndirən Culfa rayonundakı Əlincəqala olub. Bildirib ki, Əmir Teymurun qoşunlarına 14 il müqavimət göstərən, Azərbaycanın əyilməzlik və mübarizlik simvolu olan Əlincəqalada olmaq hər bir azərbaycanlı üçün qürurvericidir. Burada öyrəndik ki, Əlincəqala orta əsrlərdə ölkəmizdə olmuş dövlətlərin tarixində, eləcə də Azərbaycan xalqının azadlıq mübarizəsində əvəzolunmaz rol oynayıb. Bu gün “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi və necə deyərlər, onun təkrar Azərbaycana qaytarılması qədim tariximizin yaşadılması baxımından çox vacibdir.
“Bu cür tur-aksiyaların təşkil olunması hər bir məktəbli üçün əla fürsətdir”, - deyən Fərid Əliyev vurğulayıb ki, biz şagirdlər Azərbaycanın tarixi dövlətçiliyinin beşiyi olan muxtar respublika ilə tanış olmaqla, həm də qədim tariximizi və mədəniyyətimizi daha yaxından öyrənmək imkanı qazanırıq.