MƏDƏNİYYƏT
“Turizm Destinasiyalarının İdarəedilməsi” kitabı təqdim olunub
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanmış “Turizm Destinasiyalarının İdarəedilməsi” kitabı ictimaiyyətə təqdim olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm və Menecment Universitetində keçirilən təqdimatda kitabın ərsəyə gətirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdən danışılıb, 7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlandığı bildirilib.
Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə yeni kitabın dərs vəsaiti olaraq tələbələrin turizm destinasiyaları üzrə əldə edəcəyi nəzəri biliklərə dəstək olacağını deyib.
Sədrin müşaviri hazırda turizm destinasiyalarının inkişafı istiqamətində Agentliyin tabeliyində 4 Destinasiya Menecmenti Təşkilatının fəaliyyət göstərdiyini və gələcəkdə bu növ təşkilatların sayının artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
ATMU-nun tədris işləri üzrə prorektoru Zaur Bağırov çıxışında kitabın turizm sahəsində təhsil alan tələbələr və akademik heyət üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Zaur Bağırov bundan əvvəl turizm destinasiyaları mövzusu üzrə Azərbaycan dilində bilik mənbələrinin, dərs vəsaitlərinin azlığının müəllimlərə, eləcə də tələbələrə mövzunu mənimsəməkdə çətinliklər yaratdığını qeyd edərək xüsusi məlumat əhəmiyyətli kitabı yüksək qiymətləndirdiyini və vəsaitin turizm təhsilinə öz töhfələrini verəcəyini diqqətə çatdırıb.
223 səhifəli kitab destinasiya idarəetməsi mövzusu ilə əlaqəli Azərbaycan dilində ilk dərslik vəsaitidir. “Destinasiyaların yaranması və inkişafının nəzəri əsasları”, “Turizm destinasiyalarının planlaşdırılması və idarə edilməsi”, “Turizm destinasiyaların cəlbediciliyi və dayanıqlılığı”, “Dəyişən dünya üçün destinasiya marketinqi”, “Milli turizm təşkilatları: Onların turizmin inkişafında yeri və rolu” adlı 5 fəsildən ibarət kitabda fəsillər üzrə ümumilikdə 17 bölmə mövcuddur.
Çap edilmiş dərslik vəsaitləri tələbələrə çatdırılması üçün ölkənin turizm təhsili verən universitetlərinin kitabxanalarına paylanılacaq.
Kitabı elektron versiyada əldə etmək üçün bu keçiddən istifadə etmək mümkündür: https://bit.ly/34vgrPN