ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində “Əhməd Cavad-130 il” mövzusunda tədbir keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Əhməd Cavad - 130 il” mövzusunda tədbir keçirilib. Tədbirdə Əhməd Cavada həsr olunan videoçarx nümayiş etdirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, “Əhməd Cavad sıradan bir insan deyil” deyən ATMU-nun rektoru İlham Mədətov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın şəxsiyyətindən və yaradıcılığından söz açıb.
Qeyd edib ki, Dövlət Himnimizin müəllifi dedikdə Əhməd Cavad şəxsiyyəti göz önündə canlanır. Rektor 30-cu illərin repressiya dalğasında xalqımızın ən istedadlı ziyalılarının, düşünən beyinlərinin, ədəbiyyatımızın, mədəniyyətimizin məhv edildiyini faktlarla diqqətə çatdırıb.
Görkəmli ədibin nəticəsi Cavad Axundzadə valideynlərinin Əhməd Cavad və Şükriyyə xanım haqqında xatirələrini iştirakçıların diqqətinə çatdırıb. O, tədbirin təşkilinə görə ATMU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
ATMU-nun Dillər kafedrasının baş müəllimi Almaz Zöhrabova Əhməd Cavadın həyat və yaradıcılığından, o cümlədən xeyriyyəçilik fəaliyyətindən söz açıb.
“ İstiqlal şairimiz və milli-mədəni kimliyimiz” mövzusunda çıxış edən Dillər kafedrasının dosenti Ağaverdi Xəlilov Əhməd Cavadın Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri kimi yaddaşlarda qaldığını deyib. Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Seyfəlidə məktəb və uşaq bağçalarının açılmasında iştirakından, “Yaşıl qələmlər” və Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindəki fəaliyyətindən söz açıb.
Tədbirdə tələbələr Əhməd Cavadın şeirlərini söyləyiblər.